Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Azərbaycanın qonşu ölkələrin çay sularını çirkləndirmələrindən əziyyət çəkdiyi diqqətə çatdırılmışdır
Bölmə:İqtisadi Xəbərlər

İyunun 4-7-də UNESKO-nun mənzil-iqamətgahında qurumun Beynəlxalq Hidroloji Proqram üzrə XX sessiyası keçirilmişdir.
Azərbaycanı sessiyada təmsil edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrologiya Departamentinin direktor əvəzi Rza Mahmudov yığıncaq barədə AzərTAc-a verdiyi müsahibəsində bildirmişdir ki, sessiyada əsasən bu gün dünyada ən aktual olan su problemi müzakirə olunmuşdur. Planetimizdə su ehtiyatlarının çoxluğuna baxmayaraq, şirin su çatışmazlığı qlobal məsələ kimi dünyanı narahat etməkdədir.
UNESKO elm, təhsil və mədəniyyət sahələrini əhatə edir. Hidroloji proqramda da bu istiqamətlər əsas yer tutur. Dünyada elə müxtəlif dövlətlər vardır ki, onlar eyni çay hövzəsində yerləşirlər. Elə bir ölkə tapmaq olmaz ki, başqa bir ölkə ilə eyni çay hövzəsində yerləşməsin. Bu cür çaylarla bağlı problemlər, onların idarə olunması, müasir iqlim dəyişmələrinin ətraf mühitə, o cümlədən dünya su ehtiyatına, çay sularına və yeraltı su məskənlərinə təsirinin elmi əsaslarla öyrənilməsi sessiyadakı müzakirələrin əsas qayəsini təşkil etmişdir. Bu sahədə kadr hazırlığı toplantı iştirakçılarının diqqət mərkəzində olmuşdur.
Beynəlxlaq Hidroloji Proqram üzrə yeni sədrin və onun dünyanın beş regionu üzrə müavinlərinin seçilməsi, 2014-2020-ci illəri əhatə edən səkkizinci faza hidroloji proqramın qəbul edilməsi sessiyanın əsas iş prinsipinə çevrilmişdir.
Səkkizinci faza ilə bağlı çıxışımda ölkəmizin transsərhəd çay məsələsinin bu fazada öz əksini tapmasının vacibliyini vurğuladım və Azərbaycanın bu məsələdə çox əziyyət çəkdiyinə diqqəti yönəltdim. Bildirdim ki, Helsinki Konvensiyasına qoşulan Azərbaycan su hövzələrindən istifadə və onların idarə olunmasına dair qanunvericiliyi yerinə yerirməsinə baxmayaraq, bu konvensiyaya qoşulmayan Gürcüstan və Ermənistanın Kür və Araz çaylarını çirkləndirməklə ölkəmiz üçün problemlər yaradırlar.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarından isitfadə və onların qorunması istiqamətində gördüyü işlərdən, bu sahədə milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirməsi, perspektiv mövcud imkanlar barədə ətraflı məlumat verdim.
Ümumilikdə, sessiyada bəşəriyyət üçün çox mühüm olan bir məsələ ətrafında müzakirələr aparılmış və qərarlar qəbul olunmuşdur. 2014-2020-ci illəri əhatə edən çay-su ehtiyatlarından istifadə ilə bağlı proqram kompleks yanaşma ilə öz həllini tapmışdır.
Sessiyanın işində 120 dövlət iştirak etsə də, onlardan yalnız 40-nın, o cümlədən Azərbaycanın və Rusiya Federasiyasının səsvermə hüququ vardır.