Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Azər Şükürov: “Dağ-mədən sənayesi vahid mərkəzdən idarə olunmalıdır”
Bölmə:Mediada Biz

Əvvəli “Geostrategiya” jurnalının 09-cu sayında və Strategiya.az saytında

- Azər müəllim, bildirdiniz ki, maliyyə sahəsində çətinlikləriniz var. İlk baxışdan düşünmək olar ki, sizin şirkətin maliyyə problemi olmamalıdır. Daha dəqiq desək, banklar özləri sizin şirkətə kredit verməkdə maraqlı olmalıdırlar. Çünki banklar üçün sizin sahə riskli hesab olunmamalıdır.

- Bu, çox maraqlı məqamdır. Həqiqətən də bir sıra banklar bizə kredit vermək istəyirlər. Biz də bu krediti almaqda maraqlıyıq. Çünki ölkəmizə yeni texnika və texnologiya gətirmədən bu sahəni inkişaf etdirmək mümkün deyil. Bunun üçünsə böyük maliyyə tələb olunur. Ancaq bu krediti almağın mümkün mexanizmləri mövcud deyil. Bir neçə bankla bu mövzuda danışıqlar aparmışıq və ümumi razılıq əldə olunub. Ancaq sonda danışıqlar nəticəsiz qalıb. Məlum olub ki, girovsuz bankın kredit verməsi mümkün deyil. Elə sistem yaratmaq lazımdır ki, krediti təkcə girov müqabilində deyil, eyni zamanda riskli hesab olunmayan, bank mütəxəssisləri tərəfindən perspektivi təsdiq olunan konkret layihələrə də almaq mümkün olsun. Əks halda bu sahədə irəli getmək çox çətin olacaq. Çünki banklar bizə lazım olan vəsait üçün elə girov tələb edirlər ki, bu, faktiki mümkünsüzdür və iqtisadi baxımdan səmərəli deyil. Bizim təklifimiz budur ki, banklar bizim layihələri araşdırır, risklilik dərəcəsini müəyyənləşdirir və müsbət qərar qəbul edildikdə layihəyə kredit ayrılır. Yəni bu halda girov tələb edilmir, kredit konkret layihələrə verilir. Hətta bu sənayeyə kredit ayırmağın perspektivini araşdırmağa belə, banklarda maraq yoxdur. Çünki Azərbaycanda dağ-mədən sənayesi zəif inkişaf etdiyi üçün bu sənaye haqqında banklarda da informasiya qıtlığı var.

- Azər müəllim, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı haqqında ətraflı açıqlamalar verdiniz. Bilmək istərdim, bu kimi faydalı qazıntı yataqlarının işlənilməsi zamanı effektivliyin yüksəldilməsi və itkilərin qarşısının alınması istiqamətində keçmişə nisbətən daha hansı mütərəqqi üsullara baxılmalıdır?

- Qeyd etmişdim ki, Azərbaycanda dağ-mədən sənayesinin ibtidai bazası hələ 1850-ci illərdə yaradılmış və bu bazanın inkişafı keçmiş ittifaq məkanında ümumi ənənəyə uyğun olaraq irəliləməklə inkişafa doğru yüksəlmişdir. Lakin o vaxtlar filizin çıxarılması, emalı və s. ilə bağlı yüksəliş digər sahələrdə olduğu kimi dünyada gedən tərəqqiyə və təcrübəyə uyğun deyildi və keçmiş ittifaqın müvafiq nazirlikləri tərəfindən idarə edilirdi. Məsələn, dağ-mədən sənayesində irəlidə gedən Almaniya Federativ Respublikası, Avstraliya, Kanada, ABŞ və s. kimi ölkələrin texnologiyalarının keçmiş ittifaq texnologiyaları ilə müqayisədə çox fərqlənməsinə baxmayaraq, bu kimi kapitalist ölkələrinin texnologiyalarının Azərbaycanda tətbiqi ittifaq tərəfindən təmin olunmadan mümkün deyildi. Bu səbəbdən kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Məsələn, Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bizim bu tullantıların tərkibindən aşağı olurdu.

Yeni yataqların işlənilməsi və çıxarılan xammalın emalı məsələləri vahid bir mərkəzdən idarə olunmalı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməklə, yeni texnika və texnologiyaların mütərəqqi üsullarının vaxtında və ümumilikdə tətbiqinin yerinə yetirilməsi prosesini sadələşdirməlidir. Yataqlar ayrı-ayrı özəl təşkilatlar tərəfindən istismar edilsə də, ümumi idarəetmənin konkret dövlət qurumunda birləşdirilməsi və koordinasiyanın vahid rəhbərlik əsasında həyata keçirilməsi məqsədəuyğun olardı.

- Azər müəllim, Siz itkilərin qarşısının alınmasında əsas məqamlara toxundunuz. Lakin necə etmək lazımdır ki, bu kimi itkilər ümumiyyətlə olmasın?

- Ölkəmizin iqtisadi mənafeyi baxımından sizin sualınızdakı məqamlar aydındır. Lakin faydalı qazıntıların çıxarılması və emalı ilə bağlı itkilərin olacağı labüddür. Ancaq bu itkilərin minumuma endirilməsi mümkündür. Bu isə yuxarıda toxunulduğu kimi, hər hansı təşkilatın imkanları daxilində deyil. Yalnız mütərəqqi və ən yeni dünya texnologiyalarının gecikdirilmədən Azərbaycana gətirilməsi və tətbiqi bu məsələdə ciddi rol oynaya bilər. Bu baxımdan qeyd etməliyəm ki, əvəzsiz üzlük material kimi istifadə olunan və respublikada ikinci bir analoqu olmayan “Gülbaxt” əhəngdaşı yatağında heç bir yeni texnika və texnologiyanın tətbiqi barədə düşünülmədiyindən, yataq istismara başlayandan bu günə kimi, yalnız ənənəvi bir üsulla istismar edildiyindən, ittifaq vaxtında itkilər 70%-ə qədər yüksəlirdisə, hal-hazırda bu itkilər 80%-ə qədər təşkil edir. Bu məqamda əlavə etmək istərdim ki, sistem və texnologiyaların tətbiqinin yüksək səviyyədə həyata keçirilməsi üçün savadlı mütəxəssislərin bir yerdə cəmlənməsi məqsədəuyğun olardı. Bu faktorlardan başqa itkilərin yüksəlməsi əfsuslar olsun ki, bəzən düşünülmüş şəkildə bilavasitə özümüz tərəfindən yaradılır. Belə ki, Qaradağ əhəngdaşı yatağı və ətraf yataqların işlənilməsi ilə bağlı illərdən bəri istismardan alınan faydalı qazıntı tullantıları yığılıb toplanmış və 10 ildən artıqdır ki, Qaradağ sement zavodu tərəfindən sement istehsalında müvəffiqiyyətlə istifadə olunur. Lakin gəlin görək sement istehsalı üçün əvəzsiz xammal sayılan yığılıb saxlanılmış tullantılar bu gün hansı məqsədlər üçün istifadə edilir? Gölməçələrin doldurulmasında, yolların çəkilişində, dənizdə quru sahələrin yaradılmasında və s. Hansı ki, yaxın gələcəkdə gücü Qaradağ sement zavodunun gücündən də artıq olan ikinci bir zavodun tikintisi bu ərazidə başa çatdırılacaqdır. Sual olunur, bəs niyə əvəzsiz xammalın digər məqsədlər üçün talan olunmasına yol verilir, hansı ki, gələcək nəzərə alınmaqla, iki zavod üçün əhəngdaşı xammalı ehtiyatı elə də böyük deyildir. Bu baxımdan da, dağ-mədən sənayesinin vahid bir dövlət qurumunda birləşdirilməsi zəruri məsələlərdən biridir.

- Azər müəllim, müasir texnika və texnologiyanın Azərbaycanda dağ-mədən sənayesində tətbiq olunmamasının böyük itkilərlə nəticələnməsi danılmaz faktdır. Siz necə, öz fəaliyyətinizdə bu texnika və texnologiyadan istifadə edirsinizmi?

- Öncə onu qeyd etmək istəyirəm ki, dünya standartlarına uyğun yeni texnika və texnologiyaların dağ-mədən sənayesində kütləvi tətbiqi ancaq dövlətin imkanları daxilindədir. Hazırki mərhələdə hər hansı müəssisənin öz fəaliyyətini tam olaraq yeni texnika və texnologiyalarla qurması çətin məsələdir. Bunun da səbəbini artıq qeyd etmişik. Bu məhsullar dünya bazarında çox yüksək qiymətlərlə satılır ki, özəl şirkətlərin də maliyyə çatışmazlığı üzündən bunları əldə etməsi çətindir. Ancaq bütün bu çətinliklərə baxmayaraq, biz öz fəaliyyətimizdə dağ-mədən sənayesində keyfiyyətli iş görməyə təminat verən texnika və texnologiyalardan istifadə edirik. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim şirkət Azərbaycanda bu sahədə yeni texnika və texnologiyadan istifadə edən ilk şirkətlərdən olub. Müəssisəmizin gücü hesabına türk-alman, İsveç və yapon texnologiyasını işimizdə qismən tətbiq etməyə nail olmuşuq və bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Dağ-mədən sənayesində görülən işlərin təxminən 30 faizi partlayış işlərinin həyata keçirilməsindən ibarətdir ki, bizim müəssisə bu işləri tam şəkildə dünya standartları səviyyəsinə gətirib çatdırmışdır. Əfsuslar olsun ki, bu partlayıcı maddəni biz idxal edirik. Hansı ki, bu sahənin də istehsalını respublikamızda qurmaq mümkündür. Bu da çox mühüm məsələdir. Çünki Azərbaycanda dağ-mədən sənayesi inkişaf etdikcə, bu partlayıcı maddənin külli miqdarda idxal olunması problemə çevriləcəkdir.

- Azər müəllim, Azərbaycanda elə də çox emal müəssisələri yoxdur. Bəs, faydalı qazıntı xammalının ixracı ilə bağlı nə deyə bilərsiniz?

- Hələ ittifaq dövründə və hal-hazırda da faydalı qazıntılar ya konsentrat, ya da yarımfabrikat şəklində ixrac olunur. Son əmtəə məhsulunun əldə edilməsi üçün respublika daxilində lazımi hazırlığın olmaması səbəbindən Tanrının ölkəmizə bəxş etdiyi yer təkində yerləşən faydalı qazıntılar tam əmtəə şəklində deyil, uzun illər ya konsentrat (dəmir filizi və s.), ya da yarımfabrikat (yod və s.) şəklində ixrac olunmuşdur. Bu gün isə eyni məsələ qızıl yataqlarının işlənilməsinə də aiddir. Qızıl və gümüşün yarımfabrikat şəklində ixrac edilməsi göz qabağındadır. Məhsulun son əmtəə şəklində satılmaması səbəbindən gəlir aşağı olur, yeni iş yerlərinin açılması lazımi səviyyədə genişləndirilmir, nəticə etibarı ilə dağ-mədən sənayesinin inkişafı üçün imkanlar açılmır. Bu baxımdan yaxın gələcəkdə istismara başlanması gözlənilən, hal-hazırda ciddi iş aparılan və unikal yataqlar sırasına daxil olan Filizçay kimi mis-polimetal yatağının da emal zavodu olmadığından konsentrat ixracı aqibəti gözləyir. Bu baxımdan yaxşı olardı ki, dağ-mədən sənayesinin inkişaf proqramında emal zavodlarına da vahid bir dövlət qurumu tərəfindən nəzarət olunması öz əksini tapsın.

Azər müəllim, dağ-mədən sənayesi ilə bağlı təhlükəsizlik tədbirləri haqqında nə deyərdiniz?

- Çox mühüm və əsaslı suala toxundunuz. Sözüz ki, hər hansı bir sahədə çatışmazlıqlar bir-biri ilə zəncirvari əlaqədə olur. Bu baxımdan demək olar ki, yataqların işlənilməsi ilə bağlı təhlükəsizlik səviyyəsi çox da qənaətbəxş deyildir. Belə ki, əgər işlənilən sistemdə, texnika və texnologiyada qeyd olunan qüsurlar mövcuddursa, öz-özlüyündə işlərin görülməsində təhlükəsizliyin vəziyyəti də ürəkaçan olmayacaqdır. Yenə də vurğulamaq məcburiyyətindəyəm ki, bu məsələnin həlli də yeni texnika və texnologiyaların tətbiqindən asılı olacaqdır. Digər tərəfdən 20 ildən artıqdır ki, ölkəmiz müstəqillik şəraitindədir. Lakin bu sahədə hələ də normativ sənədlər işlənilib hazırlanmayıbdır. İttifaq vaxtında yeni texnika və texnologiyaların dəyişməsi ilə yanaşı bu normativ aktlar da hər 10 ildən bir uyğunlaşdırılır və yeniləşdirilirdi. Əfsuslar olsun ki, yeni normativ sənədlərin ölkəmizdə dağ-mədən sənayesinin xüsiyyətlərinə uyğun işlənib hazırlanması məsələləri həllini tapmayıbdır.

Burada bir məsələyə də toxunmaq istəyirəm. Əgər əvvəllər faydalı qazıntı yataqlarının işlənilməsi üzrə yeraltı və açıq dağ-mədən işləri üzrə yüksək səviyyədə ali və orta texniki ixtisas təhsilli mütəxəssislər hazırlanırdısa, hazırda isə ixtisaslaşma yalnız açıq dağ-mədən işləri üzrə həyata keçirilir. Bu da tam deyil. Bundan əlavə, qeyd etdiyim kimi, ixtisaslı kadrların yetişdirilməsində ittifaqın ayrı-ayrı institutlarında hazırlanmış və ittifaq miqyasında zəngin təcrübəyə malik mütəxəssislər respublikaya qayıdırdı ki, bununla da yüksək kadr potensialı yaradılırdı.

Yeni nəslin isə rus dilini zəif bilməsi və ya bilməməsi dağ-mədən sahəsində yeni kadrların hazırlanmasında çətinliklər yaradır. Çünki müvafiq ədəbiyyatın rus dilində olması onların öyrənmə imkanlarını məhdudlaşdırır. Qeyd etməliyəm ki, rəhbərlik etdiyim müəssisədə gənc mütəxəssislərin işə cəlb edilməsi və onların bilik səviyyələrinin artırılmasını həyata keçirmək bir rəhbər kimi qarşımda duran əsas vəzifələrdən biridir(ardı var).

Müsahibəni aldı: İsmayıl Qasımov