Bölmə:Mediada Biz
“Azinterpartlayış” şirkətinin direktoru cənab Azər Şükürovun Business Time jurnalına müsahibəsi (ixtisarla)
“Azinterpartlayış” şirkəti 2009-cu ildə dağ – mədən sənayesi sahəsində böyük təcrübəyə malik mütəxəssislər tərəfindən təsis olunub. Təşkilati işlər tamamlandıqdan, müvafiq icazə və lisenziyalar əldə edildikdən sonra 2010- cu ildə şirkət praktik fəaliyyətə başlamışdır.
Həmsöhbətimiz “Azinterpartlayış” şirkətinin direktoru cənab Azər Şükürovdur
-Cənab Şükürov, şirkətinizin yaradılması ideyası hansı zərurətdən irəli gəldi?
-Bu gün partlayış işləri ən müxtəlif sahələrdə həyata keçirilir: dağ-mədən işlərində, istifadəyə yararsız bina və tikililərin sökülməsində, yolların çəkilməsində və s. Sənayenin, xüsusən də dağ-mədən sənayesinin inkişaf etdiyi bütün ölkələrdə partlayış işlərinə ehtiyac vardır. Dağ-mədən işlərinin 30%-i məhz partlayış aparılması ilə bağlıdır. Azərbaycanda da dağ-mədən işlərinin genişlənməsi partlayış işlərinə tələbi labüd edir. Həmçinin respublikada böyük infrastruktur lahyihələri həyata keçirilir. Bu sırada magistral avtomobil yollarının çəkilişi xüsusi yer tutur. Əsasən dağ rayonlarında yeni yolların çəkilişində partlayış işlərinə təlabat vardır. Həmçinin istifadəyə yararsız tikililərin çökülməsində də partlayış işlərindən istifadə edilir. Lakin bizim əsas maraq dairəmiz dağ-mədən sənayesində aparılan işlərdə iştirak etməkdir. Fəaliyyətimizi məhz bu sahədə daha da genişləndirməyi hədəfləyirik.
-Azərbaycanda dağ-mədən işlərinin həcmi xidmətinizi rentabelli səviyyədə saxlamağa imkan verirmi?
- Artıq respublikada konkret layihələrin icrasına başlanıb və bu işlərin həcmi də getdikcə artır. Bu gun üçün gözlədiyimiz sifarişlərin həcmi az olsa da, ilbəil respublika ərazisində həyata keçirilən dağ- mədən işlərinin həcmində ciddi artım gözlənilir və təbii ki, biz də sifarişlərin həcminin artacağına inanırıq.
- Bu günədək hansı iri layihələrdə iştirak etmisiniz?
- Şəmkir rayonunuda respublika əhəmyyətli iri su anbarının tikintisi həyata keçirilir. Podradçı şirkətin sifarişi ilə 2,5 km uzunluğunda tuneldə qazma-partlayış işlərini tamamlamışıq, 8,5 km uzunluğunda tuneldə işlərə isə yenicə başlamışıq. Layihəyə görə ümumilikdə 5-6 mln. m3 partlayış işləri görülməlidir. Bu işlər həmçinin bəndin qarşısını qayalarla və gil süxurları ilə bərkitmək üçün həyata keçirilir.
İkinci işimiz Gədəbəy qızıl yatağındadır. Bu yataqda bütün qazma partlayış işlərini biz həyata keçiririk. Həmçinin Daşkəsən filiz yatağında da partlayışlar şirkətimiz tərəfindən də aparılır. Bundan başqa, Siyəzəndə çəkilməkdə olan su kanalının keçdiyi ərazilərdə qayaların partladılmasını biz icra etmişik. Kanalın tikintisinin gedişində, ehtiyac yaranarsa, əlavə işləridə görəcəyik. Qeyd etdiyim bu 4 layihə bu günə icra etdiyimiz ən iri layihələrdir. Bunlardan başqa, Tovuz rayonu ərazisində qızıl yatağında tunel qazma işlərində iştirak etmiş, ARDNŞ-nin yeni inzibati binasının özül qazma işlərində kiçik bir sifariş yerinə yetirmişik. Fəaliyyətimizin ilk ili ərzində həmçinin bir neçə istifadəyə yararsız sənaye tikililərinin sökülməsində iştirak etmişik.
Bir müddət əvvəl iri sənaye müəssisələrindən birinin elan etdiyi tenderdə müvəffəqiyyətlə iştirak etmişik və qalib gələcəyimizə əminik. Daha bir iri tikinti layihəsində iştirakımız nəzərdə tutulur.
- Partlayış işlərində istifadə etdiyiniz partlayış materialları və vasitələri şirkətinizə hansı rəqabət üstünlükləri verir?
- “Azinterpartlayış” şirkəti Avstraliyanın ORICA şirkətinin Azərbaycanda rəsmi distribyutorudur. Şirkəti təsis edərkən bir müddət dünya bazarında xüsusi mövqe tutan istehsalçıların məhsul və texnologiyalarını araşdırdıq və ən aparıcı bazar iştirakçılarından olan ORICA ilə əlaqə qurduq. Növbəti dəfə bu şirkətin partlayıcı materialları ilə Türkiyə Respublikası ərazisində sənaye sahələrində aparılan partlayış işlərini müşhidə etdik və daha sonra ORICA-nın məhsullarının keyfiyyət və səmərəliliyi ilə tam tanış olduqdan sonra bu şirkətlə əməkdaşlıq müqaviləsi bağladıq.
ORICA bu sahədə ixtisaslaşmış və dünya miqyasında qəbul olunan iki şirkətdən biridir. Bu şirkətin istehsal etdiyi materiallar tamamilə yeni və fərqlidir: ekologiya üçün tam zərərsiz, partlayış baş verən zaman ətrafda dağıntı yaratmır, seysmik dalğası çox məhduddur bu matriallar SSRİ dövründən bizə məlum olan və bu gün də bir sıra postsovet respublikalarında istifadə olunan partlayıcı maddələrdən tam fərqlidir. ORICA bu maddələri tam təkminləşdirib, tamamən idarə olunan bir səviyyəyə yüksəltmişdir.
Keçmiş dövrlərdə bu sahə ilə məşğul olan müəssisələr qarşısında müəyyən tələblər qoyulurdu. Məsələn, partlayış partladıcı maddələrin miqdarından asılı olaraq, yaşayış binalarından 150-1000 m məsafədə həyata keçirilə bilər, partlayışı, zamanı daş qəlpələri 300 m məsafəyədək sıçraya bilərdi. ORICA- nın istehsalı olan yeni maddələrlə partlayış törədərkən isə prossesi düzgün tənzimlədikdə qəlpələrin uçuş məsafəsi 50 metrə qədər olur.
SSRİ dönəmində partlayıcıda əsasən quru toz şəklində olan maddələrdən istifadə olunurdusa, Avropa texnologiyalarında təyinatından asılı olaraq, həm toz həm də maye şəklində maddələrdən istifadə olunur. Bu texnologiyalarda tam idarə olunan partlayıcı maddələrdən istifadə olunur. Məsələn, sahədə 100 quyuda partlayış aparılacaqsa, bunların hər birinə gecikmə verməklə seysmik dalğanın ətrafa təsirini minimuma endirmək olar. Həmçinin partlayışın nəticəsində baş verən dağıntını da idarə etmək mümkündür. Deyək ki, “birinci süxur sağa, ikinci süxur sola dağılmalı” və s. formada partlayışın sxemi qurulur və 100%-lik nəticə əldə edilir.
Bu maddələr 72 saatadək suyun içində qaldıqda keyfiyyətini itirmir.
Bu maddələrin kapsullarında ildırım ötürücü vardır. Yəni, həmin partlayıcı maddələr avtomobillə daşınarkən ildırım çaxarsa və əgər ildırım avtomobil üçün təhlükə yaradarsa, kapsullardakı ildırım ötürücüləri partlayış təhlükəsini avtomobildən uzaqlaşdırır. Maddələrin qablaşdırılması elə formada həyata keçirilib ki, 3 element əl ilə birləşdirilməzsə, partlayış baş verməz. Həmçinin ORICA- nın maddələri ilə partlayış işlərinin icrasına daha az işçi qüvvəsi tələb olunur. O səbəbdən də biz MDB məkanında istehsal edilən partlayıcı maddələrdən istifadədən əvvəldən imtina etmişik.
Doğrudur, bu şirkətin məhsulları postsovet respublikalarının bəzilərində bu gün istehsal edilən maddələrlə müqayisədə bir qədər baha başa gəlir, lakin ORICA- nın məhsullarının verdiyi səmərə və partlayış işlərinin təhlükəsizliyi, ətraf mühitin qorunması məsələlərindəki nəticələrini nəzərə aldıqda, bu qiymət fərqi əhəmiyyətini itirmiş olur.
-Texniki təhlükəsizlik və ətraf mühitin qorunması sahəsində şirkətdə daxili nəzarət sistemi necə qurulub?
- Bu sahədə texniki təhlükəsizliklə bağlı dövlət tərəfindən təsdiq edilmiş konkret tələblər vardır. Həmçinin partlayış prosesində konkret ardıcıllıqla prosedurlar yerinə yetirilməlidir. Partlayış icra olunan ərazi tam nəzarətə götürülür, kənar şəxslərin həmin əraziyə daxil olmasının qarşısı etibarlı şəkildə alınır, bunun üçün postlar qurulur. Mobil əlaqə vasitələri və xəbərdaredici qurğular tam işlək vəziyyətdə olmalıdır. Həmçinin vəziyyətdən asılı olaraq, partlayış yerinin üzəri örtüklə qapanması tələb oluna bilər, yaxınlıqda hansısa zərər görə biləcək obyektlər varsa, partlayış zonası ilə həmən obyektlərin arasında taxtadan sipər çəkilməli ola bilər və s. Partlayış həyata keçirilməzdən əvvəl xəbərdarlıq üçün fişəng atılmalıdır. Göründüyü kimi , bu sahədə çox ciddi tələblər mövcuddur və bu tələblərin yerinə yetirilməsinə fəaliyyətimizdə xüsusi önəm veririk.
Qeyd edim ki,ORICA şirkəti məhsulların istehsalında ətraf mühitin qorunmasına xüsusi önəm verir. Bu səbəbdəndə bu şirkətin istehsalı olan maddələr hətta şəhər daxilində yerləşən tikililərin sökülməsində istifadə olunarkən belə təhlükə yaratmır.
Fəaliyyətə başlayarkən, ilk növbədə, texniki təhlükəsizlik üzrə bu tələblərin yerinə yetirilməsinə nəzarət edəcək mütəxəssislər yetişdirdik. Bu gün təhlükəsizlik üzrə təcrübəli mütəxəssislərə malik olmağımız bizə ən mürəkkəb sifarişlərin öhdəsindən belə etibarlı şəkildə gəlməyə imkan verir.
- Tikililərin partladılması proseduru hansı mərhələlər üzrə həyata keçirilir?
- 1 həftə-10 gün əzrində tikilinin özülü öyrənilir, bunun üçün özülün suvağı sökülür, beton tərkibi, armaturların davamlılığı öyrənilir, daha sonra
partlayışdan sonra tikilinin çökmə sxemi modelləşdirilir. Modelləşmənin nəticəsində əks nəticə əldə olunarsa, yəni “tikili nəzərdə tutulan tərəfə deyil, digər tərəfə aşa bilərsə, hansısa tikililəri zədələyə bilər” kimi məsələlər öyrənilir. Bu riskin mənfi nəticələri aradan qaldırılmağa çalışılır. Əgər bu tədbirlər mümkün olmazsa, tikilinin partladılması ideyasından imtina edilir, sökülmə üçün digər variantlar işlənib hazırlanır. Əgər riskləri aradan qaldırmaq yolları tapılarsa, bilavasitə partlayış işlərinə start verilir.
Partlayışdan 15 dəqiqə əvvəldən başlayaraq, bütün postlar arasında xəbərdarlıqların ötürülməsi sisteminin etibarlı şəkildə işləməsi təmin olunur. Və bu proses tam başa çatanadək davam edir. Bütün sistemin işlək vəziyyətdə olması yoxlandıqdan və sahədə kənar şəxslərin olmaması təsdiq olunduqdan sonra , bu barədə partlayış rəhbərinə məlumat verilir, o da öz növbəsində partladıcıya komanda verir və sonuncu da yalnız bundan sonra partlayış qurğusunun düyməsini basır. Partlayışdan sonra sahəyə ilk olaraq yalnız partlayış rəhbərinin və partladıcının daxil olma səlahiyyəti var. Onlar partlayışın uğurla icra olunduğunu, sahədə təmizləmə işlərinə risk yarada biləcək şərtlərin olmadığını təsdiqlədikdən sonra sonuncu sirena verilir. Yalnız bundan sonra digər şəxslər əraziyə daxil ola bilər və təmizlik işlərinə başlamaq olar.
- İstərdik ki, söhbətimizə şirkətinizin gələcək planları haqqında verəcəyiniz məlumatla yekun vuraq.
- Bu gün Azərbaycanda dağ-mədən işləri vüsət almaqdadır. Azərbaycanda sənayenin inkişafı üçün metala böyük ehtiyac yaradır. Bu metal isə yerin altında var. Sadəcə, onu çıxarmaq lazımdır. Azərbaycanın təbii ehtiyatları çox zəngindir. Qeyd edək ki, bu sahə heç də neft-qaz hasilatından az gəlirli deyildir. Ölkəyə valyuta daxilolmalarından başqa, yalnız Daşkəsən yatağının hasilatı və bu filizin emalı 3000 yeni iş yeri deməkdir.
Bu gün Gədəbəydə, Balakəndə, Daşkəsəndə ciddi işlər aparılır. İnanırıq ki, Azərbaycanda yeni yataqların hasilatı üçün iri milli hasilat şirkəti qurulacaqdır. Çünki, dağ-mədən hasilatı çox kapitaltutumlu işdir, yetərli sərmayəyə malik olmayan operator şirkət bu sahədə uğur qazana bilməz.
Biz də şirkətimizi bu prosesslərə hazırlayırıq. Bu gün Azərbaycanda dağ-mədən sənayesinin inkişafını ləngidə biləcək əsas problem yerli kadrların məhdudluğudur. Dağ-mədən mühəndisləri bizim universitetlərdə hazırlanmır. Digər respublikalarda zamanında təhsil almış mühəndislərdə başqa sahələrdə çalışırlar. Bu ehtiyacı nəzərə alaraq, kadr potensialımızı getdikcə genişləndiririk, hər il 10-dək gənc sertifikat alır. Bu kadrlar gələcək layihələrimizdə bizə lazım olacaqlar.
İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan ərazisindəki yataqların hasilatı geniş vüsət alacaq. Biz də həmin yataqların hasilatında iştirak etmək planlaşdırırıq. Partlayış sahəsində ortaya qoyduğumuz nəticələr bizim mütəxəssis heyətinin peşəkarlığından xəbər verir.
Orxan Abdullayev