Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Azər Şükürov: “Azərbaycanda dağ-mədən sənayesinin böyük potensialı var”
Bölmə:İqtisadi Xəbərlər Mediada Biz

“Azinterpartlayış-X” MMC-nin direktoru Azər Şükürov  ”Geostrategiya” jurnalına müsahibə vermişdir. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
Azər müəllim, öncə, iş qrafikinizin sıx olmasına baxmayaraq, müsahibəyə vaxt ayırdığınıza, bizi qəbul etdiyinizə görə, təşəkkürümüzü bildiririk və Sizi işdən çox ayırmamaq üçün birbaşa suallara keçməyi məqsədəuyğun hesab edirik.

- Azər müəllim, Azərbaycanda dağ-mədən sənayesinin bugünkü durumu, problemləri haqda Sizin fikirlərinizi bilmək istərdik.

- Əvvəla, Geostrategiya jurnalına öz təşəkkürümü bildirmək istərdim ki, bu gün sənayenin çox mühüm bir sahəsinə-dağ-mədən sənayesinə, onun inkişafına, problemlərinə, perspektivinə diqqət ayırıb və bu haqda mütəxəssis rəylərini ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir. Bu, jurnalınızın adı ilə seçdiyi mövzuların vəhdət təşkil etdiyinin əyani sübutudur.
Sualınızla əlaqədar isə onu qeyd etmək istərdim ki, dağ-mədən sənayesi Azərbaycanda yeni sənaye sahəsi deyil. Azərbaycanda dağ-mədən sənayesinin kifayət qədər zəngin tarixi vardır. Hələ XIX əsrin 50-ci illərində Gədəbəy-Daşkəsən zonasında mis-mədən sənayesi inkişaf etmişdir. 1855-ci ildə Gədəbəydə Kıryakov və Mexov kiçik bir zavodu işə salmaqla burada mis isthesal etmişlər. Elə həmin illərdə Daşkəsəndə ikinci bir mis əritmə zavodu işə salınmışdı. Bu zavod da kiçik bir müəssisə olmuşdur.
Ancaq Simens qardaşlarının Azərbaycana gəlməsi ilə bu sahədə ciddi irəliləyişlərə nail olundu. 1864-cü ildə Simens qardaşları Gədəbəy zavodunu alaraq, köhnə zavodun əvəzinə yenisini tikirlər və bu işə o dövr üçün kifayət qədər böyük vəsait xərcləyirlər. Simens qardaşlarının zavodu o dövrün ən müasir texnikası əsasında tikilmişdi və Çar Rusiyasının misə olan təlabatının ödənilməsində əhəmiyyətli rol oynayırdı. Tarixə qısa ekskursiya etməkdə məqsədim, Azərbaycanda bu sahənin bazasının olmasını qeyd etməkdir.
Dağ-mədən sənayesinin bugünkü vəziyyətinə gəldikdə isə, bu sahənin tamamilə diqqətdən kənarda qalması ilə bağlı söylənilən fikirlərlə razı deyiləm. Bu sahədə müəyyən işlər görülməkdədir. Ancaq görülən işlər dağ-mədən sənayesinin tələb etdiyi gücdə deyil. Azərbaycanda dağ-mədən sənayesinin böyük potensialı vardır. Təəsüf ki, neft-qaz sənayesinə verilən diqqət qədər bu sənayeyə diqqət yetirilmir. Hansı ki, dağ-mədən sənayesi bütün parametrlərinə görə, heç də neft-qaz sənayesindən geri qalmır. Azərbaycanda bu sənayeni dünya miqyasında diqqət çəkən bir səviyyəyə qaldırmaq tamamilə mümkündür.
Əlbəttə, bu sahədə problemlər çoxdur. Əgər, desək ki, biz Rusiya, Fransa, Almaniya, Kanada və s. inkişaf etmiş ölkələr kimi, dağ-mədən sənayesinin inkişafında irəli getmişik, bu, doğru olmaz. Ancaq bizim dağ-mədən sənaysini inkişaf etdirməyə böyük imkanlarımız var. Ən azı, bizim bu sahədə tarixi ənənəmiz, Sovetlər dövründə əldə etdiyimiz təcrübəmiz və ən əsası, zəngin təbii sərvətlərimiz var.

- Azər müəllim, bu məqamda maraqlı sual ortaya çıxır. Azərbaycanda bu sahə üzrə kadr potensialı varmı, Sizin müəssisə kadr hazrlığı prosesində  iştirak edirmi?

- Çox maraqlı və vacib məqama toxundunuz. Sovet İttifaqı dövründə ümummilli lider Heydər Əliyev dağ-mədən sənayesinin perspektivini görərək, azərbaycanlı gənclərin ittifaqın müxtəlif respublikalarında bu sahə üzrə təhsil almasına xüsusi diqqət yetirirdi. Şəxsən mən də o dövrdə Moskva Dağ-Mədən İnstitunda bu ixtisasa yiyələnmişəm. Unutmaq olmaz ki, o dövrdə Azərbaycanda Daşkəsən, Gədəbəy kimi ittifaq əhəmiyyətli filiz mədənləri var idi və bu mədənləri istismar etmək üçün professional kadrlara ehtiyac çox idi. Məhz, bu səbəbdən ixtisaslı kadrların yetişməsi, bu mədənlərdə işləmələri vacib məqamlardan biri idi. Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycanda bu sahədə müəyyən geriləmələr oldu. İttifaqda olan imkanlar bizdə olmadığı, eyni zamanda, Azərbaycanda dağ-mədən sənayesi tənəzzülə uğradığı üçün kadr hazırlığı arxa plana keçdi.
Ancaq müstəqillik əldə etdikdən sonra bu məsələ yenidən aktuallıq kəsb etməyə başladı. Hazırda Neft-Kimya İnstitutunda dağ-mədən sənayesi üzrə kadrlar hazırlanır. Ancaq mən öz fikrimi deyə bilərəm ki, bu kadr hazırlığını məqbul hesab etmək olmaz. Bizim sahədə nəzəriyyədən daha çox praktika rol oynayır. İndiki kadrlar praktikadan tamamilə uzaqdırlar. Bu sahədə fəaliyyət göstərən müəssisə olaraq, biz kadr hazırlığında çox maraqlıyıq və bu istiqamətdə müəyyən addımlar atmışıq. Biz yaxşı oxuyan tələbələrə təqaüd ayrılmasında, onların praktikasını təşkil etməkdə təkliflərimizi bildirmişik. Bu məsələ ilə ciddi maraqlandıqdan sonra isə gəldiyimiz son qənaət bu oldu ki, bu sahədə nəzəriyyə ilə praktika arasında dərin bir uçrum vardır. Bu problem tezliklə aradan qaldırılmasa, bunun acılarını gələcəkdə çox dərindən hiss edəcəyik. Hansı ki, tədricən inkişaf etməkdə olan bu sahəyə indi olmasa da, gələcəkdə inanılmaz ehtiyac olacaqdır.
Bu məqamda mən Azərbaycan Respublikasında dağ-mədən sənayesinin inkişafında ümummili lider Heydər Əliyevin bir xidmətini xüsusi olaraq qeyd etmək istəyirəm. O dövrdə Azərbaycan yeganə respublika idi ki, burada imtahan verən və yaxşı qiymət alan tələbələr ittifaqın bu sahədə ixtisaslaşmış istənilən tədris müəssisəsində təhsil ala bilirdilər. Bu imkan digər ittifaq respublikalarında yox idi. Qeyd etmək lazımdır ki, bu, bütün elm sahələrinə aid idi və bu da birbaşa Heydər Əliyevin ölkəmizdə dərin biliyə malik kadrların yetişməsində xüsusi xidməti idi.

- Azər müəllim, Azərbaycanda dağ-mədən sənayesinin coğrafiyasını necə təsvir edərdiniz?

- Bu, bir faktdır ki, Azərbaycan zəngin faydalı təbii ehtiyatlara malikdir. Təbii ki, bu sırada ilk yeri neft və qaz tutur. Ancaq ölkəmizdə dağ-mədən sənayesi də böyük potensiala malikdir. Sovet dövründə bu ehtiyatların istismar olunması istiqamətində konkret işlər görülmüşdü. Ancaq postsovet dövründə lazımi investisiyanın olmaması bu sahənin inkişafında geriləmələrə səbəb olmuşdur.
Azərbaycan əlvan və qara metallurgiya sənayesi üçün böyük xammal ehtiyatlarına malikdir. Daşkəsən böyük alunit və dəmir-filizi yataqlarına, Naxçıvan MR volfram molibden filizi, qurğuşun-sink filizi və qızıl yataqlarına malikdir.
Kəlbəcər-Laçın rayonları ərazisində böyük qızıl və civə ehtiyatlarının olması hələ ittifaq dövründən məlumdur. Bu yataqlar Sovet dövründə qismən işlənmişdir. Burada Kəlbəcərdəki Zod yatağı xüsusi qeyd olunmalıdır. Hansı ki, bu gün erməni işğalçıları tərəfindən vəhşicəsinə talan olunur.
Bu gün respublikamızın iqtisadi həyatında qızıl yataqlarının işlənməsi ilə əlaqədar layihələr əhəmiyyətli rol oynayır. Azərbaycan geoloqları tərəfindən Tovuz, Gədəbəy, Daşkəsən, Balakən rayonlarında və Naxçıvan MR-da qızıl ehtiyatları kəşf olunmuşdur. Bu sırada Göygöldə kəşf olunan qızıl yatağı mütləq qeyd olunmalıdır. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanda belə yataqlar hələ çox kəşf olunacaqdır. Sadəcə olaraq, bu istiqamətdə dövlətimizin göstərdiyi təşəbbüslərə bu sahədə fəaliyyət göstərən özəl sektoru da cəlb etməklə işləri daha da gücləndirmək olar.

- Azər müəllim, qeyd etdiniz ki, Azərbaycanda dağ-mədən sənayesinin böyük perspektivi var. Bu sənayenin inkişafı Azərbaycan iqtisadiyyatında hansı rolu oynaya bilər ?

- Məlumdur ki, Azərbaycan artıq qızıl istehsal edən ölkələr sırasındadır. Bu gün istehsal olunan qızılın həcminin az olmasına baxmayaraq, konkret nəticələr əldə olunub. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün dünyaya bu sahədə perspektivi olan ölkə kimi təqdim olunub və geoloqlarımız tərəfindən bu fakt sübuta yetirilib. Ancaq ölkə iqtisadiyyatının gücü təkcə qızıl ehtiyatlarının zənginliyi, istismarı və yaxud emalı ilə hesablanmır. Əlvan və qara metallurgiyanın inkişafı ölkə iqtisadiyyatı üçün daha perspektivlidir ki, bu sərvətlər də artıq qeyd etdiyimiz kimi, Azərbaycanda kifayət qədərdir. Burada bir məqama toxunmaq istərdim. Məlumdur ki, Sovet dövründə zəncirvari iqtisadiyyat qurulmuşdu. Məsələn, Daşkəsəndəki mədənlərdən çıxarılan dəmir filizi Rustaviyə göndərilirdi, orada emal olunurdu, sonra isə Rusiyada məhsul hazırlanaraq ittifaqın digər respublikalarına satılırdı. Bu gün isə məsələlər tamamilə başqa istiqamətdə qurulub. Müstəqil respublika kimi bizim artıq öz məhsulumuzu istismar və emal etmək, hazır məhsul istehsal edərək ixrac etmək imkanımız var. Mən burada əlvan və qara metallurgiyanın gücünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda əlvan və qara metallurgiyanın emal sənayesi artıq inkişaf etməkdədir. Gəncədə alüminium zavodu fəaliyyət göstərir, metallurgiya zavodunun cənab prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulub və yaxın zamanlarda fəaliyyətə başlayacaq.
Azərbaycanın təbii sərvətləri təkcə dəmir filizi, qızıl, aluminium, kobalt, mis və s. ilə məhdudlaşmır. Qazax, Daşkəsən, Füzuli və digər rayonların ərazisi zəngin əhəng daşı yataqlarına malikdir. Əhəng daşının tikintidə və qida məhsullarının hazırlanmasında rolu əvəzsizdir. Bu faktları qeyd etməkdə məqsədim odur ki, ağır sənayenin inkişafının Azərbaycan iqtisadiyyatına edə biləcəyi müsbət təsirlə bağlı təsəvvür yaransın. Baxın, Daşkəsən, Gədəbəy, Şəmkir, Lerik, Yardımlı zəngin mərmər-qranit yataqlarına malikdir. Biz isə qraniti, mərməri başqa ölkələrdən idxal edirik. Respublikamızın mərmər, qranit ixrac etmək potensialı olduğu halda biz nə üçün bu məhsulları xaricdən idxal etməliyik?
Qeyd olunan sənaye sahələrini inkişaf etdirməklə biz çox uğurlara imza atmış oluruq. Əvvəla, adı çəkilən iqtisadi rayonlarda işsizlik demək olar ki, tamamilə aradan qaldırılır, ölkədə ağır sənayenin irimiqyaslı inkişafına ciddi təkan verilir, xalqımızın günbəgün yaxşılaşan maddi-rifahının daha da yaxşılaşmasına, uzun müddət ərzində stabil olaraq, ciddi dəstək verilir və ən əsası, Azərbaycan iqtisadiyyatının daha da güclənməsi fonunda manatımızın birmənalı şəkildə gücünü təmin etmiş oluruq. (Ardı var). 

Müsahibəni aldı: İ. Qasımov 

  

“Azinterpartlayış- X” MMC  dağ-mədən sənayesi sahəsində böyük təcrübəyə malik mütəxəssislər tərəfindən təsis olunmuşdur.
 Şirkət fəaliyyət göstərdiyi illər ərzində bir neçə iri layihələrdə iştirak edib. Hal hazırda, Gədəbəy qızıl-filiz yatağında, Şəmkirçay su dəryaçasının tikintisində və  digər bir neçə layihədə  iştirak edir. Layihələr MDB və Avropa ölkələrində təcrübə keçmiş və sertifikatlaşdırılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyat keçirilir.
Güclü kadr potensialı formalaşdırmağa nail olmuş “Azinterpartlayış-X” MMC dağ-mədən hasilatı sahəsində icra olunacaq yeni layihələrdə fəal iştirak etməyi planlaşdırır. Şirkət respublikamızda həyata keçirilən iqtisadi islahatlardan faydalanır, ölkəmizin inkişafına xidmət edir.
 “Azinterpartlayış-X” MMC özünün kadr potensialını getdikcə  genişləndirir.
“Azinterpartlayış-X” MMC beynəlxalq standartlara uyğun olaraq İSO 9001;2008, İSO 1400;2004 və OHSAS 1800;2007 sertifikatlarını almışdır. Şirkət 2011-ci ilin dekabr ayında dağ-mədən işlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə görə “Azəri Buisness Award 2011” mükafatına layiq görülmüşdür.