Bölmə:İqtisadi Xəbərlər
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Son altı ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev yarım ildə ümumi daxili məhsulun (ÜDM) 1,5 faiz, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirdi. “Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir”, – deyən dövlətimizin başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğuladı.
Azərbaycan Prezidenti bildirdi ki, son altı ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində üç faiz azalsa da, qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olmuşdur. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınmışdır.
Dövlətimizin başçısı bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bundan əlavə, Bakı və ətraf qəsəbələrdə Dövlət Proqramına uyğun olaraq böyük həcmli işlər gedir, infrastruktur layihələri icra olunur, sosial layihələr həyata keçirilir. Regional inkişaf proqramının icrası nəticəsində altı ayda bölgələrdə 46 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 37 mini daimidir.
Prezident İlham Əliyev əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təmin olunmasının vacibliyinə diqqət çəkərək miqrantların ölkədə fəaliyyətinin tənzimlənməsi və bu sahədə qayda-qanunun yaradılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğuladı. “Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”, – deyən dövlətimizin başçısı sovet dövründən qalan əmanətlərə görə birdəfəlik ödənişlərin və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir.
“Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatmışdır.
Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırdı. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır”, – deyən Prezident İlham Əliyev danışıqlar prosesində müəyyən durğunluğun olduğunu və status-kvonun dəyişdirilməsinin vacibliyini vurğuladı.
Sonra maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev cari ilin altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.
“Əminəm ki, ilin sonuna qədər iqtisadiyyatda müsbət meyillər daha da güclənəcəkdir”, – deyən Prezident İlham Əliyev inflyasiyanın səviyyəsinin və manatın məzənnəsinin qorunub saxlanması, iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. Azərbaycan Prezidenti bildirdi ki, dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilələrinə tamamilə son qoyulmalı, elektron sistemə keçid sürətlə aparılmalı, ölkədə yeni sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, köhnəlmiş sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində mühüm tədbirlər görülməlidir.
Bundan əlavə, bəzi kənd və qəsəbələrdə əhalinin içməli su ilə daha yaxşı təmin olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, Azərbaycanın və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev TANAP layihəsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı Bakıda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin tikintisi və yenidən qurulmasına dair tapşırıqlarını verərkən gələn ilin büdcəsinin sosial və investisiya yönümlü olacağını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, indi Azərbaycanın strateji valyuta ehtiyatları 44 milyard dollardır və xarici dövlət borcu ÜDM-in yeddi faizini təşkil edir.
Dövlətimizin başçısı bu ilin mayında Azərbaycanda keçirilmiş “Eurovision-2012″nin yüksək səviyyədə təşkil edildiyini və müsabiqənin tarixində ən gözəl mahnı yarışmasının Bakıda təşkil olunduğunu bildirdi. Prezident İlham Əliyev müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğuladı.
“Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir”, – deyə dövlətimizin başçısı iclasa yekun vurdu.